Qalib Azərbaycan Ordusu!

Son iyirmi il ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi prinsipial siyasət nəticəsində Azərbaycanın müasir, qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələri formalaşmışdır.
Əlbəttə ki, ölkəmiz bu uğura özünün iqtisadi potensialını inkişaf etdirərək nail olub. Məhz bu nailiyyətlərin nəticəsi idi ki, qüdrətli ölkəmiz 30 ilə yaxın müddətdə həlli beynəlxalq təşkilatların ümidinə qalmış problemini özü öz gücü ilə döyüş meydanında həll etdi. Azərbaycan 44 gün ərzində Vətən Müharibəsində, bir gün isə lokal xarakterli antiterror əməliyyatlarında dövlət, xalq, ordu, rəhbər birliyinin necə olduğunu dünyaya nümayiş etdirdi. Məhz bu tarixi uğurlar nəticəsində cənab İlham Əliyev dünya səviyyəli, qüdrətli bir fenomen şəxsiyyət kimi önə çıxdı. İstər Vətən Müharibəsində, istərsə də sonrakı bütün əməliyyatlarda bütün məsələləri öz nəzarətində saxlayan, döyüş meydanı ilə yanaşı siyasi meydanda da, informasiya müharibəsində də qətiyyət, böyük iradə, müdrik siyasi səriştə nümayiş etdirən Ölkə başçısı belə demək olarsa dünyanı mat qoydu. Qürurvericidir ki, Müzəffər Prezidentimiz milli maraqları hər zaman bütün məsələlərdən üstün tutur.
Ölkəmizə qarşı hər zaman olmuş, lakin son dövrlər intensiv xarakter almış bütün qarayaxmalara lazımı şəkildə cavab verir. Azərbaycanın dünya birliyinin onilliklər ərzində həll etmək istəmədiyi problemi beynəlxalq hüququn imkan verdiyi şəkildə həll etməsi bəzi beynəlxalq dairələrin qısqanclığına səbəb olub. Mükəmməl qurulmuş taktika və düşünülmüş uğurlu hərbi strategiya əsasında “məğlubedilməz” Ermənistan ordusunu döyüş meydanında diz çökdürən Azərbaycan Ordusu hər ötən gün öz gücünü artırmaqdadır. Ən müasir silahlarla təchiz edilən ordumuz NATO üzvü olan qardaş Türkiyənin ordusunun təcrübəsindən maksimum yararlanmaqla öz təcrübəsini artırması müasir dövrün tələblərindəndir.
Azərbaycan əzəli problemini həll etsə də, hər zaman müdafiə qüdrətini artırmalı, yaranacaq bütün təhdidlərə hazır olmalıdır. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin mütəmadi olaraq ən müasir tələblərə cavab verən hərbi hissələrin açılışını etməsi qeyd etdiklərimizin bariz göstəricisidir. Ölkəmizin hərbi təşkilat olan NATO ilə əməkdaşlığı, qardaş Türkiyə, eləcə də Xəzər hövzəsi ölkələri ilə mütəmadi hərbi təlimlərdə iştirak etməsi qüdrətli, Qalib Ordumuzun gücünə güc qatan amillər sırasındadır.
Cavid Babayev;
Neftçala rayonu, ehtiyatda olan hərbçi