“Mən orada nə etməliyəm?" - Simonyan KTMT-yə getməməyini şərh etdi

Xəbər verildiyi kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrda keçiriləcək tədbirində iştirak etməyəcək.
Modern.az xəbər verir ki, Simonyan bu gün jurnalistlərə açıqlamasında qərarını şərh edib:
“Ermənistanın bu təşkilatdan çıxması ilə bağlı qərarı yoxdur, lakin mən də hazırkı vəziyyətdə həmin tədbirdə iştirakımı yersiz hesab edirəm”.
Simonyanın sözlərinə görə, KTMT-nin öz öhdəliklərini heç bir şəkildə yerinə yetirmədiyi bir vəziyyətdə Minskdəki toplantıya gedə bilməzdi:
“Mən orada nə etməliyəm?" – parlament sədri vurğulayıb.
Simonyan bildirib ki, o, KTMT üzrə tərəfdaşlarına verdiyi qərarla bağlı xəbərdarlıq edib:
“Mən artıq KTMT üzrə tərəfdaşlarıma iştirak etməmək qərarım barədə məlumat vermişəm, onlar bundan xəbərdardırlar. Heç olmasa reaksiya yoxdur. Düşünürəm ki, heç bir reaksiya da olmayacaq, çünki əminəm ki, onlar da iştirak etməmənin səbəblərini başa düşürlər”.
Onun sözlərinə görə, indi növbə KTMT ölkələrindədir, bu ölkələr reaksiya verməlidir.
“Biz deyirik: yox, Ermənistan KTMT-ni tərk etmək fikrində deyil, lakin bizdə qorxu var ki, KTMT Ermənistanı tərk edir; onlar öz hərəkətləri, bəyanatları, diskursları ilə bu strukturun həqiqətən problem olduğunu sübut edirlər”, - Simonyan qeyd edib.
Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan, XİN başçısı Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və müdafiə naziri Suren Papikyan da oxşar qərar vermişdilər.