Ramil Səfərovun ekstradisiyası zamanı gizli sövdələşmə olmamışdı...

Ramil Səfərovun məxfilik şəraitində həyata keçirilən ekstradisiyasında dövlət sirri təşkil edən heç nə yox idi.
Sadəcə iki dost ölkənin rəhbərləri – Prezident İlham Əliyevlə Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar.
Bunu Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev APA-ya müsahibəsində Ramil Səfərovla bağlı suala cavab olaraq bildirib.
O qeyd edib ki, Ramil Səfərov cəzasının bir hissəsini çəkdiyinə görə, dövlət başçısının sərəncamı ilə əfv edildi.
"Bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi. Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm.
Deyəsən, kitabda yazmamışam. Ekstradisiya başa çatandan bir müddət sonra Heydər Əliyev Fondu xalqımızın dost macar xalqına minnətdarlıq hisslərinin ifadəsi olaraq Budapeştin XII rayonunda gözdən əlil uşaqlar üçün məktəb-yataqxana binası tikdi. Səfirliyimiz isə məktəb-yataqxanaya hamiliyi öz üzərimizə götürdü. Həmin ənənə bu gün də davam etməkdədir", - Vilayət Quliyev qeyd edib.