Ümidlə o yerlərə qayıdacağımı gözləmişəm - Füzuli sakini

Bu gün çox sevincli və xoş günlərdən biridir.
Doğma ata ocağıma, Füzuliyə qayıdiram. Otuz iki ildir biz bu qürurlu günün gələcəyinə ümid edirdik. Allah xalqımıza bu şərəfli sevinc hissin nəsib etdi. Bizə bu tarixi günləri yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm, həmçinin qəhrəman şəhidlərimizə Allahdan rəhmət, cəsur qazilərimizə şəfa diləyirəm. Bizə bu tarixi anları yaşadan onların igidlikləri və şücaətləridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıdan Füzuli şəhərinə yola salınan keçmiş məcburi köçkün Üsarə Həsənova deyib.
Keçmiş günləri yenidən yada salan həmsöhbətim söyləyib 32 il əvvəl doğma, əziz Füzuli rayonundan zorla çıxarılıb. Buna baxmayaraq hər zaman böyük ümidlə o yerlərə qayıdacağını gözləyib. “Şükürlər olsun ki, bizim yurd həsrətimiz sona yetdi. İndi ailəmlə geri qayıdıram. Övladlarım buna çox sevinirlər. Ötən illər ərzində doğma yerləri övladlarıma şəkillərdə göstərirdim. Amma indi onlar Füzulinin necə gözəl bir məkan olduğunu öz gözləri ilə görəcəklər. Sevincimizin həddi-hüdudu yoxdur”,- deyə Üsarə Həsənova bildirib.