HƏMAS və İsrail arasında bu gün qüvvəyə minən atəşkəs - NƏLƏR BƏLLİDİR...

İsrail ordusu ilə HƏMAS arasında 4 günlük atəşkəs qüvvəyə minib.
Modern.az xəbər verir ki, razılaşmanın şərtlərinə görə, atəşkəs noyabrın 24-də yerli vaxtla saat 7:00-da başlayıb.
Oktyabrın 7-də İsraildə HƏMAS tərəfindən əsir götürülən 50 girov 4 gündən sonra azad ediləcək. Birinci qrup bu gün yerli vaxtla saat 16:00-da buraxılacaq. Bu qrupda 13 nəfər İsrailə qayıdacaq. Öz növbəsində İsrail hər girov üçün 3 fələstinlini azad edəcək. Atəşkəsin ilk günündə İsrail 39 nəfəri azad edəcək. Ehtimal olunur ki, atəşkəsin qüvvədə olduğu 4 gün ərzində ölkə 150 fələstinlini azad edəcək.
İsrail həmçinin Qəzza zolağı üzərində aviasiya uçuşlarını gündə 6 saat dayandırmağı və hər gün humanitar yardım aparan 200 yük maşınının bölgəyə daxil olmasını öhdəsinə götürüb. Misir müvəqqəti barışıq qüvvəyə mindikdən sonra Qəzza zolağına lazımi həcmdə humanitar yardım çatdırmağa, o cümlədən gündəlik 130 min litr dizel yanacağı çatdırmağa hazır olduğunu bildirib.
HƏMAS 23 taylandlı girovu heç bir şərt olmadan azad etməyə razılaşıb. Taylandın Xarici İşlər Nazirliyinin məlumatına görə, toqquşmalarda 39 taylandlı həlak olub, 26 nəfər əsir götürülüb.
Atəşkəs razılaşması noyabrın 23-də qüvvəyə minməli idi, lakin HƏMAS İsrailə girovların siyahısını vaxtında təqdim etməyib. Müvəqqəti atəşkəs haqqında sazişin hazırlanması bir neçə həftə çəkib. Vasitəçilər Qətər, Misir və ABŞ olub.