Hindistan Ermənistana özüyeriyən haubitsalar satdığını TƏSDİQLƏDİ

Hindistanın artilleriya sistemləri istehsalçısı “Bharat Forge” bu yaxınlarda nümayiş etdirdiyi MArG 155 zirehli özüyeriyən haubitsalarının Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.
Modern.az xəbər verir ki, Hindistanın IDRW (Hindistan Müdafiə Araşdırma Qanadı) portalı bu barədə məlumat yayıb və qeyd edib ki, bu, yerli istehsal olan müdafiə silahlarını beynəlxalq tərəfdaşlara ixrac etmək üçün səy göstərən Hindistan üçün ciddi nailiyyətdir.
“Ermənistanla müqavilə iki ölkə arasında strateji əməkdaşlığa əsaslanır və bu, Hindistanın Ermənistana əsas müdafiə silahı tədarükçüsünə çevrilməsi ilə nəticələnib. 2020-ci ildə Ermənistan Hindistandan 4 ədəd Svati mobil radarları alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollar dəyərində müqavilə imzalanıb”, – portal yazıb.
Qeyd edilib ki, MArG 155 zirehli özüyeriyən haubitsaları gücü, dəqiqliyi və hərəkətliliyi birləşdirən müasir artilleriya sistemidir. 155 mm 39 kalibrli silah və dörd təkərli dartma qabiliyyəti ilə təchiz edilmiş haubitsa istənilən ərazidə müstəsna manevr qabiliyyətini təmin edir.