Lerikdə meşə yanır - Yenilənib

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.
Bunu APA-nın cənub bürosuna Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.
Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: “Hazırda bir neçə istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.
***
saat 11.57
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.