Özdağ Kılıçdaroğlu ilə imzaladığı gizli protokolu yaydı - FOTO

Türkiyədə ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ sonuncu prezident seçkilərinin ikinci turundan əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) ovaxtkı sədri, prezidentliyə namizəd Kemal Kılıçdaroğlu ilə imzaladığı gizli protokolu yayımlayıb.
Siyasətçi X səhifəsində gizli protokolun fotolarını paylaşıb.
Qeyd edək ki, seçkilərin ilk turunda Zəfər Partiyası ATA İttifaqı çərçivəsində Sinan Oğanın namizədliyini müdafiə edib. İkinci turda Oğanın özü Cümhur İttifaqının namizədi, prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Özdağ isə Kılıçdaroğlu ilə danışıqlar aparıb. Bir neçə gün davam edən müzakirələrdən sonra ictimaiyyətə açıqlanan bir protokol imzalanıb və Zəfər Partiyası ikinci turda CHP sədrini dəstəkləyəcəyini elan edib. Seçkilərdən sonra Özdağ mətbuata bu protokoldan əlavə gizli protokolun da olduğunu açıqlayıb.
Kılıçdaroğlu faktı təsdiqləyib. Məlum olub ki, gizli protokoldan Millət İttifaqı partiyalarının sədrlərinin, eləcə də CHP funksionerlərinin xəbəri yox imiş. Hətta CHP-nin sabiq sözçüsü Faik Öztrakın Özdağın gizli protokolun mövcudluğu barədə dediklərini əvvəlcə təkzib etməsini Kılıçdaroğlu belə izah edib: "Onun xəbəri yox idi".
Gizli protokolun ictimaiyyətə açıqlanmış protokoldan fərqinə gəlincə, burada Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə qurulacaq hökumətdə Zəfər Partiyasına 3 nazirlik verilməsi, bürokratiyada bu partiyaya yerlərin ayrılması və Özdağın fikirlərinin nəzərə alınması kimi məsələlər əksini tapıb. Seçki dövründə bu məlumatlar qeyri-rəsmi şəkildə yayılsa da, təsdiq olunmamışdı.