Spiker 5 ölkənin səfiri ilə görüşdü - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Xorvatiyanın və Yunanıstanın səfirləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə görüşdə Sahibə Qafarova onu Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.
Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə, habelə regional əməkdaşlıq və nəqliyyat sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Mixail Yevdokimov Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteylini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir.
İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikirlərini səsləndirib.
Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl-Naharı qəbul edib. Milli Məclisin sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.